İyul 12, 2022 14:00 Asia/Baku
  • Ermənistan daha bir casus əsgəri həbs etdiyini bildirib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bazar ertəsi Azərbaycana casusluq edən daha bir əsgərin həbs edildiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Agentlik bildirib ki, o, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə əməkdaşlıga cəlb olunub və pul müqabilində Ermənistan Silahlı Qüvvələri, zabitləri, silah-sursatları, bölmələrin yerləşdirilməsi və onların sayı barədə məlumatları əks tərəfə ötürüb.

Öz növbəsində, Ermənistan Baş Prokurorluğu müraciət yayaraq bildirib ki, bu gün Azərbaycan kəşfiyyatının ifşa olunmuş agentlərinin ümumi sayı 43 nəfərdir. Onlar İkinci Qarabağ müharibəsindən əvvəl və sonra əməkdaşlıga cəlb olunublar. Nəticədə müharibə zamanı erməni qoşunlarına xeyli ziyan dəyib.

Hərbçilərin və mülki şəxslərin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Moldovada olduqları müddətdə, eləcə də sosial şəbəkələr vasitəsilə əməkdaşlıga cəlb edilib. Belə ki, hərbçilər internetdə guya erməni qadınları ilə tanış olub, onlarla özləri və ordu haqqında məlumatları paylaşıblar. Daha sonra pul müqabilində məxfi məlumatları bildirmək təklifi alıblar.

“Bir sıra hallarda hərbçilər intim mövzu haqda söhbət zamanı dövləti, xidməti sirləri  ötürüblər”, - deyə məlumatda bildirilir.

Bir sıra hallarda işə cəlb olunan hərbçilər yuxarıda adıçəkilən ölkələrdə Azərbaycan kəşfiyyatı ilə görüşüb, pul və yeni tapşırıqlar alıblar.

Hazırda 44 günlük müharibə zamanı dövlətə xəyanətlə bağlı 10 cinayət işi araşdırılır, 43 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.  12 nəfər barəsində 3 cinayət işi artıq məhkəmələrə göndərilib.

Teqlər