İyul 30, 2022 15:51 Asia/Baku

Ermənistan Təhlükəsizlik Şurasının sədri bəyan edib ki, onun ölkəsi Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi bağlamağa hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan "Armenpress"ə müsahibəsində deyib: "Ermənistan hökuməti sülh gündəliyini dövlət strategiyası elan edib və onun həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. 

"Bu işdə Yol xəritəsi -  delimitasiya və Azərbaycanla sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlər, habelə regional kommunikasiyaların açılmasıdır", -  deyə o qeyd edib.

Qriqoryan sonra bildirib: "Biz regional kommunikasiyaların açılmasında çox maraqlıyıq, bu, "Ermənistan yolayrıcı" layihəsinin bir hissəsidir. Əlbəttə, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi müzakirə oluna bilər".

Qarabağın statusu məsələsi necə olacaq, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? Qriqoryan bu suala belə cavab verib:

"Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaranması haqqında 1991-ci ildə imzalanmış və ratifikasiya edilmiş müqavilədə bir-birinin ərazi bütövlüyünü və sərhədlərin pozulmazlığını tanıyıblar. Və bu gün bu sənəd həm Ermənistan, həm də Azərbaycan qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də ifadə olunmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada bizim üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları xüsusi əhəmiyyət kəsb edir". 

Bu zaman o, Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişinin imzalanmasını istisna etməyib.

Qarabağ erməniləri üçün hansı təhlükəsizlik zəmanətlərinin olacağı haqqında suala cavabda Qriqoryan deyib ki, Rusiya sülhməramlı qüvvələrinin iştirakı beynəlxalq zəmanətdir. 

Teqlər