Avq 25, 2022 09:03 Asia/Baku

Avropa İttifqı Qarabağ münaqişəsi ilə bağlı bütün problemlərin hərtərəfli həllinin tərəfdarıdır. İttifaqın Ermənistandakı nümayəndə heyətinin sədri, səfir Andrea Viktorin bunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, səfir bildirib ki, Avropa İttifaqı münaqişə tərəflərinin barışmasında və Dağlıq Qarabağ probleminin stabil həllində maraqlıdır. 

Onun sözlərinə görə, regionda uzunmüddətli sülhün bərqərar olması üçün irəliləyişə zəmanət verəcək müvafiq mühit təmin etmək lazımdır.

Andrea Viktorin əmindir ki, bu kontekstdə qalan əsirlərin qaytarılması, eləcə də itkin düşənlərin axtarışında irəliləyiş əldə etmək üçün daha çox iş görülməlidir.

“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına yönəlmiş bütün səyləri alqışlayırıq və münaqişə ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarıyıq. Avropa İttifaqı cari və gələcək sülh müqaviləsi danışıqlarını və sərhəd məsələləri, regionda kommunikasiyaların açılması üzrə barışıq səylərini güclü şəkildə dəstəkləyir”,- deyə Andrea Viktorin vurğulayıb.

Qeyd edək ki, ABŞ da Avropa İttifaqının Qarabağla mövqeyini dəstəklədiyini nümayiş etdirmək məqsədilə diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

Dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında qeyd edilib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir: "Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa Birliyi kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək".

O qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür.

“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”, – o əlavə edib.

Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin həll olunduğunu deyərək, Ermənistanla yalnız sülh sazişinin detallarını müzakirə etməyə hazır olduğunu bildirir. 

Teqlər