Amerikalı həmsədr Azərbaycanın əsəbi ilə oynayır
Filip Riker Ermənistana xüsusi loyallıq nümayiş etdirib
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Filip Riker İrəvanda nümayişkaranə açıqlamalar verməklə yanaşı qondarma Erməni Soyqırımı Memorialını ziyarət edib.
SəhərAzəri-nin məlumatına əsasən, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə xüsusi müşaviri Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan xarici işlər nazirliyinin Amerika məsələləri üzrə departamentinin rəhbəri Armen Yeqanyan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi müşayiəti ilə qondarma Erməni Soyqırımı Memorialını ziyarət edib.
Riker qondarma soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra ABŞ-dan gələn nümayəndə heyətinin üzvləri əbədi məşəlin önünə gül dəstələri qoyublar.
Amerikalı həmsədr sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub. Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolu vurğulanıb. Ermənistan Xİn başçısı həmçinin Qarabağ münaqişəsinin davamlı və hərtərəfli nizamlanması kontekstində ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.
Nazir Mirzoyan 44 günlük müharibənin yaratdığı humanitar problemlərə toxunaraq, erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal Ermənistana qaytarılmasının vacibliyini, habelə Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Filip Riker Azərbaycanın nifrət etdiyi və faktiki olaraq buraxıldığını düşündüyü Minsk Qrupuna həmsədr təyin edilib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin isə bu təyinata münasibəti belə olub: “Kimlər tərəfindənsə ATƏT-in Minsk Qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk Qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk Qrupu özü özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.