Sen 11, 2022 12:31 Asia/Baku
  • Azərbaycan Rikerin səfərinə məhəl qoymur, Ermənistan isə ruhlanıb

Ermənistanın baş naziri ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri və ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədr Filip Rikeri qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Nikol Paşinyan Rikeri məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun regiona səfərini alqışlayıb.

Paşinyan ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həlli prosesində mühüm rolunu qeyd edib. Baş nazir Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasına və Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onun təcrübəsindən istifadə edilməsinə təkid edib.

Məlumatda deyilir ki, tərəflər Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Onlar 44 günlük müharibənin yaratdığı humanitar problemlərə də toxunublar. Erməni hərbi əsirlərin və saxlanılan digər şəxslərin dərhal Ermənistana qaytarılmasının, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanılmasının zəruriliyini vurğulayıblar.

Bununla yanaşı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional sabitlik və təhlükəsizliklə bağlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Səfir Filip Riker Ermənistana səfəri çərçivəsində xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə əlaqələri normallaşma üzrə diplomat Ruben Rubinyanla da görüşüb.

Amerikanın İrəvandakı səfirliyi bu görüşlər barədə bəyanat yayaraq bildirib: “Səfir Riker ABŞ-ın Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyini bir daha vurğuladı. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında bütün məsələlərin hərtərəfli sülh yolu ilə həllini dəstəkləmək üçün Avropa İttifaqı kimi tərəfdaşları ilə ikitərəfli əlaqələri davam etdirəcək”, - deyə səfirliyin bəyanatında qeyd olunur.

Xatırladaq ki, Filip Riker Azərbaycanın nifrət etdiyi və faktiki olaraq buraxıldığını düşündüyü Minsk Qrupuna həmsədr təyin edilib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin bu təyinata münasibəti belə olub: “Kimlər tərəfindənsə ATƏT-in Minsk Qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk Qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk Qrupu özü özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Teqlər