Sen 17, 2022 17:11 Asia/Baku
  • Ermənistan parlamentinin spikeri: Gözləntilərimiz özünü doğrultmur

Ermənistanın Azərbaycanla hərbi münaqişəyə müdaxilə etmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sönük reaksiyası rəsmi İrəvanın kəskin tənqidinə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Turan Xəbər Agentliyinin təhlilində deyilir ki, əgər əvvəllər bu tənqid ekspertlərdən və Qərbpərəst siyasətçilərdən gəlirdisə, indi ölkənin birinci şəxsləri narazılıq edirlər. Belə ki, parlamentin spikeri Alen Simonyan deyib: “Bizim gözləntilərimiz özünü doğrultmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının niyə lazımi tədbirləri görmədiyini xalqa izah etmək bizim üçün çətin olacaq. Təbii ki, biz nəticə çıxardıq”.

Simonyan xatırladıb ki, Ermənistanla Rusiya arasında dostluq və qarşılıqlı yardım haqqında saziş var və onun sözlərinə görə, erməni tərəfi Moskvadan daha nəzərəçarpacaq hərəkətlər gözləyir, bəyanatlar yox.

O həmçinin Rusiya ictimai telekanallarının efirində Ermənistan hakimiyyətinin ünvanına “təxribatçı” bəyanatlardan hiddətləndiyini bildirib.

Öz növbəsində, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan daha konkret şəkildə bildirib ki, “İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tələbi Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına hərbi-siyasi yardım göstərilməsi idi, lakin bu, indiyədək yerinə yetirilməyib. KTMT-nin indiyədək lazımi reaksiya verməməsi gözləntilərimizin özünü doğrultmadığı anlamına gəlir”, - deyə o vurğulayıb.

Teqlər