Sen 20, 2022 08:38 Asia/Baku
  • Ölən və itkin düşənlərin sayı 207-yə çatır

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib və orada bəyanat qəbul edilərək 207 nəfərin son döyüşlərdə həlak olduğu və ya itkin düşdüyü bildirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: "2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan silahlı qüvvələri iriçaplı silahlardan, artilleriyadan, raket sistemlərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistan Respublikasının suveren ərazisinə genişmiqyaslı hücuma başlayıb.

Hücum nəticəsində həlak olan və itkin düşənlərin sayı 207-yə çatır, onlardan 3-ü mülki şəxs həlak olub, 2 mülki şəxsin yeri məlum deyil, 293 hərbçi, 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Əsir düşmüş və ya öldürülmüş erməni hərbçilərinin azərbaycanlılar tərəfindən işgəncələrə məruz qalması, şikəst edilməsi bəyanatda iddia olunur.

Bəyanatda sonra qeyd olunur ki, Azərbaycan silahlı qüvvələri tərəfindən Gorus, Sisian, Kapan, Cermuk, Vardenis, Teğ, Geğamasar icmaları da daxil olmaqla 36 yaşayış məntəqəsi hədəfə alınıb, nəticədə 192 ev, 3 mehmanxana, 2 məktəb, 1 tibb müəssisəsi, 1 ziyafət zalı, 4 mal-qara sahəsi qismən və ya tamamilə dağıdılıb. 7 elektrik infrastrukturuna, 5 su infrastrukturuna, 3 qaz xəttinə, 1 körpüyə, 2 magistral yola, 1 küçəyə ziyan dəyib. 2 təcili yardım maşını, 4 şəxsi avtomobil hədəfə alınıb.

Bəyanatda həmçnin bildirilir ki, Azərbaycan silahlı qüvvələri bir neçə istiqamətdə Ermənistan Respublikasının suveren ərazisinə daxil olub və hazırda iki ölkə arasında hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.

Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında əlavə olunur ki, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar regionda sülhün bərqərar olmasına, regional kommunikasiyaların açılmasına, Dağlıq Qarabağ probleminin hərtərəfli həllinə yönəlmiş səylərin dayandırılmasına və Ermənistan Respublikasının üzərinə güc yolu ilə həll yollarının tapşırılmasına yönəlib. Bunun qarşısında Ermənistan Respublikası sülhün bərqərar olması və regional kommunikasiyaların açılması gündəliyini qəbul edərək, Azərbaycanın həyata keçirdiyi təhdid və məcburetmə siyasətini qəbuledilməz hesab edir.

Bəyanatın sonunda bu cümlələr yer alıb: "Təhlükəsizlik Şurası bəyan edir ki, Ermənistan Respublikası öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bütün mümkün vasitələrlə qoruyacaq. Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Biz beynəlxalq ictimaiyyəti Ermənistan Respublikasının suveren ərazilərinin işğalına son qoyması və qoşunların çıxarılması üçün Azərbaycana davamlı təzyiq göstərməyə çağırırıq və aydın mövqe tutan bütün ölkələri və təşkilatları alqışlayırıq."

Teqlər