Noy 15, 2022 00:49 Asia/Baku
  • Bakının maksimalist ambisiyaları regionda sülhə mane olur

Ermənistanın xarici işlər naziri ATƏT MQ-nin rusiyalı həmsədrini qəbulu zamanı iddia edib ki, Bakının maksimalist ambisiyaları regionda sülhə mane olur.

SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslər müzakirə olunub.

Həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünə və qəbul olunmuş birgə bəyanata toxunublar. Bununla əlaqədar Ararat Mirzoyan tərəflərin güc tətbiqindən çəkinmək öhdəliyinin vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan öz aqressiv davranışı və maksimalist istəkləri ilə bölgədə davamlı sülhün bərqərarına mane olmaqda davam edir.

Mirzoyan və Xovayev həmçinin Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan da Xovayevi qəbul edib. Görüş zamanı Paşinyan bəyan edib ki, Ermənistan avqustda Rusiyanın təqdim etdiyi təklifləri dəstəkləyir və bu təkliflər Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqlar üçün əsas ola bilər.

Bundan əvvəl erməni tərəfi bildirmişdi ki, sülh sazişin “rus variantını” məhz Xovayev hazırlayıb. Onun əsas məqamı tərəflərin Qarabağın statusu məsələsinin gələcəyə saxlayıb  sülhə nail olmaq idi.

Teqlər