Erməni deputat:
Rusiya "sülhməramlı"larına BMT mandatı verilsin
Rusiya "sülhməramlı" missiyasına BMT-nin beynəlxalq mandatının verilməsi istiqamətində addımlar atılır. Bu haqda Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan “Joqovurd” qəzetinə müsahibəsində danışıb.
"İndi həm Ermənistan, həm də Artsax hakimiyyəti bu gündəm üzərində fəal işləyir" - A.Xaçatryan belə deyib.
Azərbaycan torpağındakı separatçı rejimin qanunsuz "xarici işlər naziri" vəzifəsini icra edən David Babayan isə belə bir prosesə doğru müəyyən addımların atıldığını bildirib.
“Hələ dəhlizin bağlanmasından əvvəl biz artıq müvafiq təkliflər vermişdik, çünki başa düşürdük ki, sülhməramlıların beynəlxalq BMT mandatı olmasa, belə problemlər yarana bilər. Mandat onlara təkcə sülhməramlı deyil, həm də sülhün mühafizəsi qüvvəsi olmağa imkan verir... Rusiya sülhməramlılarının beynəlxalq BMT mandatı olsa, hər şey aydın olacaq.
David Babayan dediklərinə nümunə kimi Kossovodakı sülhməramlıları göstərib: “Bilirsiniz, məsələn, Kosovoda bir qrup insanın gəlib hansısa yolu bağlaması bir növ qeyri-mümkündür, çünki beynəlxalq mandata malik sülhməramlılar onları dərhal dağıdacaq və bunu güc tətbiq etməklə edəcəklər", — deyə separatçı məmur bildirib.
Başqa bir məlumata görə, Azərbaycan Respublikasının separatçıların işğalı altında olan ərazilərində separatçı rejimin bir neçə “deputat” və digər nümayəndələri Kəlbəcər rayonunun Dəvədaşı, Heyvalı və Yayıcı kəndlərində məskunlaşmış ermənilərlə görüş keçiriblər.
News.am-ın yaydığı məlumata görə, görüş zamanı separatçı məmur və "deputat"lar Azərbaycan torpağındakı ermənilərlə Laçın yolunun bağlanması səbəbindən yaranmış problemləri müzakirə edib, onları anti-Rusiya hərəkətlərindən; istər hər hansı etiraz aksiyalarından, istərsə də sosial şəbəkələrdəki yazılardan çəkinməyə çağırıblar...
“Rusların burada olmasının böyük əhəmiyyəti var. Biz onlarla birləşməliyik, bizim əsas müttəfiqimiz ruslardır. Ruslar bizi qorumalıdır ki, biz də müqavimət göstərə bilək”, - Kəlbəcər rayonunun Dəvədaşı kəndində Mişa Davtyan belə deyib.