Kreml təşəbbüskarlığı əldən vermək istəmir
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Moskvaya çağırıldı
Kremlin Brüssel Formatında aparılan danışıqlara mənfi münasibət bildirməsinin ardınca, Moskvada bu gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.
Rusiya Xarici İşlər Nazirliynin məlumatında deyilir: “Xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ ətrafında gərginliyin aradan qaldırılması, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 - ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını təhlil edirlər. Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlər üzrə həll yolunun axtarışına diqqət yetiriləcək ki, Moskva maksimum yardım göstərməyə hazırdır”.
Bəyanatda o da vurğulanır ki, nazirlər həmçinin Ermənistan-Azərbaycan normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasını, ictimaiyyət və ekspertlərin xəttilə əlaqələri, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edirlər.