Sen 02, 2023 20:55 Asia/Baku
  • QAC-nin yükü nə vaxta qədər gözləməli olacaq?

Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Qarabağdakı erməni sakinlər üçün göndərdiyi un yükü hələ də Ağdam-Xankəndi yolunda gözləməkdədir.

İçərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Məlumatda deyilir ki, ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

“Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir”,-Məlumatda bildirilir. Ancaq həmin danışıqların kim ilə aparıldığı bəlli deyil.

Azərbaycan Respublikasının erməni sakinli ərazilərinə QAC tərəfindən göndərilən humanitar yardımın Rusiya Sülhməramlıları ilə koordinasiya edilərək Xankəndinə göndərilməsinə səy göstərilir. Ancaq son 5 gün ərzində sülhməramlılardan heç bir cavabın olmaması göstərir ki, sülhməramlılar bu barədə məsuliyyət qəbul etmir və böyük ehtimalla QAC nümayəndələrinə Qarabağdakı separatçı qurumu göstərirlər. Onların isə bu yardımı qəbul etməyə heç bir qərarları olmadığından Rusiya sülhməramlıları da bu yüklərin Xankəndiyə ötürülməsinə imkan vermirlər.

Azərbaycan QAC-nin Xankəndiyə un göndərmək təşəbbüsü barədə məlumat yayılan kimi, separatçılar Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar hətta Rusiya sülhməramlılarının avtomobilində Xankəndiyə getmək istəyən rusiyalı fotoqrafı Azərbaycanlı olduğunu zənn edərək doyublər. Belə bir şəraitdə Azərbaycan QAC-nin yük maşınlarına Xankəndiyə girməyin nə dərəcədə mümkün olacağı şübhə doğurur.

Sosial şəbəkə istifadəçilərinə görə, Qarabağda separatçı rejimin fəaliyyəti davam etdiyi müddətdə rəsmi Bakının bu ərazilərə öz nəzarətini təşkil etmək cəhdləri uğursuz qalacaq və bu istiqamətdə atılan addımlar sadəcə rəsmi Bakının əleyhinə işləyəcək.  

 

Teqlər