Sen 07, 2023 16:46 Asia/Baku
  • “Paşinyan Rusiyaya meydan oxuyur”

Rusiyalı ekspert bildirib ki, Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə əslində Rusiyaya meydan oxudu.

Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov əlavə olaraq deyib: “Paşinyan həm Rusiyaya, həm də Azərbaycana meydan oxudu. O, ABŞ ordusunu Ermənistana dəvət edib. Hələlik təlimlərə... Xüsusilə Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur”.

Rusiya Federasiyası Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü, politoloq Boqdan Bezpalko isə “RİA Novosti”yə açıqlamasında deyib ki, Ermənistanın ABŞ-la təlimlər keçirmək planı və ölkənin KTMT-dəki keçmiş daimi nümayəndəsini Hollandiyaya səfir təyin etməsi nümayişkaranə addımlardır və Rusiyaya İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı Alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.

Diplomat TASS xəbər agentliyi ilə müsahibədə bildirib: “Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”.

Xatırladaq ki, sentyabrın 4-də Günter Felinger Ermənistanın NATO-ya qoşulmalı olduğunu bildirib.

Həmçinin Moskva-İrəvan gərginliyinin davamında Ermənistan parlamentinin sədri News.am-a müsahibəsində bu məsələyə münasibət bildirib.

Alen Simonyan deyib: “Suallar çoxdur, cavab yoxdur. Bu suallardan başlıcası belədir: Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni Laçın yolu ilə sərbəst hərəkəti təmin etməyə hazırlaşırmı?”

Simonyan həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, rusiyalı rəsmini təhqir edib: “Hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyiləm”, - deyə Ermənistan parlamentinin sədri söyləyib.

 

Teqlər