Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının üzvlərini baş verə biləcək hadisələrin qarşısını almağa çağırdı
Paşinyan: Azərbaycan yeni hərbi təxribatlar törətmək niyyətindədir
Ermənistanın baş naziri Azərbaycanın yeni hərbi təxribatlar törətmək niyyəti barədə xəbərdarlıq edib.
Nikol Paşinyan sentyabrın 7-də Nazirlər Kabinetinin iclasında bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə və Dağlıq Qarabağla təmas xəttinə qoşun toplayıb və vəziyyət gərgindir. Bununla yanaşı Azərbaycan mətbuatında və təbliğat platformalarında anti-erməni bəyanatları verilir, nifrət daha da artır”.
O spnra deyib: “Azərbaycan Laçın dəhlizini blokadada saxlamaqda davam edir və Dağlıq Qarabağda yaranmış humanitar böhran kulminasiya nöqtəsinə çatıb”.
Paşinyanın sözlərinə görə, Azərbaycan bu hərəkətləri ilə Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu nümayiş etdirir. Və belə bir təxribata haqq qazandırmaq üçün saxta və həqiqətə uyğun olmayan xəbərlər yayılır.
Ermənistanın baş naziri sonra qeyd edib ki, beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının üzvləri Cənubi Qafqazda yeni müharibənin qarşısını almaq üçün ciddi tədbirlər görməlidir.
Paşinyan onu da xatırladıb ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin blokunun açılması üçün beynəlxalq mexanizmlər çərçivəsində Bakı-Xankəndi dialoqu əhəmiyyətlidir. Bütün bunlara əsaslanaraq Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında müqavilə imzalamağa hazırdır.