Ağdam-Xankəndi yolu ilə Xankəndinə ilk yük çatdırıldı
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərin “Yaxın günlərdə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində başqa yüklərin keçidi nəzərdə tutulurmu?” sualına cavabda deyib: “Belə bir məlumat yoxdur. Əgər hər hansı bir belə məlumat olarsa, media ilə bölüşüləcək”.
Qeyd edək ki,Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.Həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edərək Bərdə rayonunda dayanmışdı. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri qonstruktiv mövqeyi, digər tərəfdən Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərb dövlətlərinin, Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqləri qeyd olunmuşdu.
Ağdam yolunun açılmasına qarşı çıxan erməni separatçılar yolda “blok-post” qurmuşdular və keşik çəkirdilər.
“Vahan” dəstəsinin rəhbəri Artur Vardanyan erməni mediasına deyib ki, Sentyabrın 12-i gecə cəmi 20-yə yaxın şəxs “növbədə” olub.
“Xüsusi təyinatlı dəstə”nin üzvləri iki avtobusla gəldilər, hamısı maskalı idi və elan etdilər ki, əgər növbədə duranlar yolu açmasa, güc tətbiq etməli olacaqlar”, - Vardanyan bildirib.
O bildirib ki, heç bir qarşıdurma olmayıb, bundan sonra “növbədə” duranlar piyada Xankəndiyə doğru gediblər.
3 gün gecikmədən sonra xaricdən göndərilən bir yükün artıq Ermənistan deyil, Azərbaycan Respublikası ərazisi vasitəsi ilə Xankəndinə çatdırılması Sovet dağılandan sonra bir ilk hesab olunur.
Azərbaycan Respublikası Qarabağdakı öz suveren ərazilərinə nəzarəti təmin etmək üçün Laçın dəhlizindən keçidə məhdudiyyətlər tətbiq edərək Xankəndinə gedən xarici yüklərin Ermənistan deyil, Azərbaycan Respublikası ərazisi vasitəsi ilə keçməsini tələb edir. Bu qanuni tələb bəzi qərb dövlətləri və Qırmızı Xaç Komitəsi tərəfindən maneələrlə üzləşir.
Xatırladaq ki, Bakıdan Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına göndərilən 40 ton un yüklü karvan 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir.
Rusiya QXK-nin ərzaq yükünün Ağdam-Xankəndi yolu ilə çatdırılmasından sonra Azərbaycan Respublikası XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki,
“Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır".