Metyü Miller:
“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır”
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyü Miller ölkəsinin Ermənistanda hərbi təlimlər keçirməsi ilə bağlı Rusiyanın narahatlığı barədə deyib:
“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır və 2003-cü ildən Müdafiə Nazirliyinin dövlət tərəfdaşlığı proqramı çərçivəsində Kanzas Milli Qvardiyası ilə möhkəm əlaqələr qurub. Odur ki, bunlar adi təlimlərdir və hər hansı digər tədbirlərlə əlaqəli deyil"
«Eagle-Partner 2023» adlı təlimlərdə 175 erməni və 85 amerikalı əsgər iştirak edir.
Dünən ABŞ Dövlət Departamentinin başqa bir rəsmisi bu təlimlərin Vaşinqtonun Bakı ilə İrəvan arasında vasitəçilik səylərinə “heç bir fəsad” törətməyəcəyini iddia etmişdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Miller həmçinin Turan xəbər agentliyinin müxbirinin sualına cavab olaraq bir daha Laçın dəhlizinin açılmasına təkid edib:
"Biz Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən çox narahatıq. Biz Dağlıq Qarabağda kişilər, qadınlar və uşaqlar üçün son dərəcə zəruri humanitar təchizatın keçməsini təmin etmək üçün Laçın və Ağdam marşrutlarının dərhal və eyni vaxtda açılmasına dair çağırışımızı təkrar edirik. Eyni zamanda, dövlət katibi öz çağırışlarında etdiyi kimi, liderləri gərginliyi artıran heç bir tədbir görməməyə çağırırıq" , - Miller davam edib.
ABŞ-ın son 30 il ərzində Qarabağdakı separatçılara hər il maliyyə yardımları ayırmasına, separatçıların ABŞ-da ianələr yığmasına şərait yaratmasına və onların Vaşinqtonda nümayəndəliyinin fəaliyyətini təmin etməsinə baxmayaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi Qarabağdakı qondarma prezident seçkilərinin nəticələrini tanımadığını deyib. Ancaq elə burada da növbəti riyakarlıq edərək “Dağlıq Qarabağda etimad qazanmış nümayəndələrin olması mühümdür”,- deyə vurğualyıb.