Kreml Bakı və İrəvana çağırış etdi
Kreml Bakı ilə İrəvan arasında gərginliyin səngiməməsindən və bəzi bölgələrdə gərginliyin artmağa meylindən narahatdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Gərginliyin səngiməməsindən və hətta bəzi sahələrdə artmağa meylli olmasından narahatıq”, - deyə Peskov cümə axşamı jurnalistlərə bildirib.
Kreml sözçüsü bildirib ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır.
Peskov onu da əlavə edib ki, Bakı və İrəvanla təmaslar davam edir.
“Əlbəttə, biz hər iki tərəfi təmkin nümayiş etdirməyə və 2 il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda, əlbəttə ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq hərəkət etməyə çağırırıq”, - deyə Peskov bildirib.
Ermənistanın baş Naziri Nikol Paşinyan isə üçtərəfli sənədə əsasən fəaliyyət göstərən Qarabağdakı Rusiya sülhməramlılarını öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
“Rusiyalı sülhməramlılar Dağlıq Qarabağdakı vəzifələrinin öhdəsindən gələ bilməyiblər, regionda təhlükəsizliklə bağlı vəziyyət sürətlə deqradasiyaya uğrayır”,- Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sülhməramlılar 2020-ci ilin noyabrında Moskva, Yerevan və Bakı arasındakı üçtərəfli sazişlə müəyyən edilmiş vəzifələrdən faktiki olaraq imtina ediblər. Bu, ilk növbədə, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadasına aiddir.
«Bütün bunlar rusiyalı sülhməramlıların məsuliyyət sahəsində olmalıydı, lakin onlar öz missiyalarını yerinə yetirmədilər", - o deyib.
Paşinyanın fikrincə, bütün bunlar "Rusiyanın regionda nüfuzunun azalmasının" nəticəsidir.
O hesab edir ki, Ermənistan Rusiyaya güvənmədən öz suverenliyini möhkəmləndirməlidir.
"Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, ancaq biz Qərb və Şərq, Şimal və Cənub arasındakı qarşıdurmaların mərkəzində olmamağın yolunu tapmalıyıq", - o deyib.
Paşinyanın fikrincə, Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlıqda maraqlıdır və onlarla münasibətləri korlamaq istəmir. Ukrayna ilə müharibədən sonra Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı daha da artıb.
Qeyd edək ki, bu, son günlər Ermənistan baş nazirinin Rusiyanın əleyhinə ikinci çıxışıdır.
Onun La Republica nəşrinə əvvəlki müsahibəsi Moskvanın qəzəbinə səbəb olmuşdu və Rusiya Xarici İşlər Nazirliyi qınayıcı bəyanat vermişdi.