Rusiya-Ermənistan qarşıdurması Azərbaycanda qızğın təhlil olunur
Tofiq Zülfüqarov: Rusiya Ermənistandan çıxıb gedəcək!
Rusiya ilə Ermənistan arasında müşahidə olunan diplomatik qarşıdurma Azərbaycan Respublikasında qızğın təhlil olunmaqdadır.
Meydan TV xəbər verir: Bununla əlaqədar iki müttəfiq arasında münasibətlərin korlanmasından istifadə etməyin zamanı gəldiyini düşünənlər az deyil. Amma bununla belə bir sıra siyasi şərhçilər Moskva ilə İrəvan arasında qarşıdurmanın süni olduğunu, əvvəlcədən hazırlanmış teatr tamaşasına bənzədiyini deyirlər. Onların fikrincə bu, Ermənistanın Qərb qarşısında imicinin formalaşması və Rusiyaya sanksiya olunan malların eksport edilməsindən ötrü Ermənistanın sanksiya altına düşməməsi üçün edilir.
Lakin keçmiş xarici işlər naziri, siyasi şərhçi hesab edir ki, Rusiya ilə Ermənistan arasında uzaqlaşma var və bu, çoxdan başlayıb. “Mən iddia etmirəm ki, Ermənistan Qərbə gedir, daha düzgün ifadə ondan ibarətdir ki, Rusiya Ermənistandan çıxıb gedəcək”, – deyə Tofiq Zülfüqarov bildirib.
Politoloq Azər Qasımlı isə Meydan TV-yə bildirib ki, iki ölkə arasında qarşıdurma realdır və artıq Rusiya Nikol Paşinyanın devrilməsinin “düyməsi”ni basıb.
Azər Qasımlı fikirlərini belə izah edib: “İddia etmirəm ki, bu, bir aya, yaxud 5 aya olacaq. Yaxın bir ildə buna cəhd olacaq. Qarşıda İrəvanda mer və meriya seçkiləri keçiriləcək. Ermənistan mediasını izlədikcə, bunun birinci mərhələsini görmək mümkündür. Bəli, indiki mərhələdə Nikol Paşinyanın devrilməsi inandırıcı gəlmir. Amma məsələ aktualdır və yaxın perspektivdə Rusiyanın bununla bağlı addımları görünəcək”.
Politoloq düşünür ki, əgər Paşinyanı Ermənistan hakimiyyətində Rusiyaya meylli adam əvəz edəcəksə, Vaşinqton və Brüssel formatındakı danışıqları unutmaq lazımdır və danışıqlar Rusiyanın vasitəçiliyi ilə davam edəcəkdir.
Azər Qasımlı sonra qeyd edib ki, belə olan halda Rusiya Azərbaycandan Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsini yığışdırılmasını və ya onların nəzarətinə verilməsini istəyəcək.
Politoloqun fikrincə, Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə Moskva mövcud siyasətini davam etdirəcək, Ermənistana dəstəyi yenə olmayacaq, ancaq Azərbaycanın da Qarabağı tam nəzarətə götürməsinə imkan verməyəcək.