ABŞ Senatında Azərbaycan hakimiyyəti tənqid olundu
Amerikalı senator: Niyə biz sanksiyalar məsələsini daha açıq müzakirə etmirik?
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycan Respublikasını Dağlıq Qarabağda etnik təmizləmə siyasəti yürütməkdə ittiham edərək ona qarşı sanksiyalar məsələsinin müzakirəsini zəruri hesab edib.
Bu mövqeni Bob Menendez Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” adlı dinləmələrdə bildirib.
O qeyd edib ki, Azərbaycan 120 min erməniyə Ağdam vasitəsilə yalnız bir yük maşınının Dağlıq Qarabağa daxil olmasına icazə verib, halbuki Laçın dəhlizi bağlanana qədər hər gün bölgəyə 120 yük maşını keçirdi.
Komitə sədri əlavə edib: “Prezident Əliyev deyir ki, o, etnik təmizləmə törətmir. Amma o, məhz bunu edir. Əliyev Artsax xalqını siyasi cəhətdən özünə tabe etməyə və ya aclıqdan ölməyə məcbur etmək istəyir”.
Senator Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun hesabatının bir hissəsini sitat gətirib: “Aclıq soyqırımın görünməz silahıdır, dərhal köklü dəyişikliklər edilmədən ermənilərin bu qrupu bir neçə həftəyə məhv ediləcək”.
Senator Azərbaycan hakimiyyətinə səslənərək qeyd edib: “Ən yüksək səviyyədən mesajımız birmənalı olmalıdır: blokadaya son qoyulsun, Dağlıq Qarabağ xalqına təhdidlər dayandırılsın, ermənilərə qarşı təhdidlər dayandırılsın, Laçın dəhlizi dərhal açılsın”.
Menendez sonda vurğulayıb: “Bakı hakimiyyətini Laçın dəhlizinin açılmasına məcbur etmək üçün tədbirlər görülməlidir. Niyə biz hamımızın razılaşa biləcəyimiz fəaliyyətlərə görə sanksiyalar məsələsini açıq şəkildə müzakirə etmirik?”