Ermənistan Ərdoğanın təklifinə cavab vermir
Paşinyan jurnalistlərin sualını dəqiq cavablandırmadı
Ermənistanın baş naziri Türkiyə prezidenti Ərdoğanın Ermənistan-Türkiyə-Rusiya-Azərbaycan sammitinin keçirilməsi təklifinə münasibət bildirməkdən yayınıb.
ARMENPRESS-in məlumatına əsasən, Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Dağlıq Qarabağ üzrə dördtərəfli sammitin keçirilməsi təklifinə münasibət bildirərkən deyib: “Ən müxtəlif təkliflər və ideyalar var. Mən bu fikirlərdən yalnız birini qeyd etmək istəməzdim. Bu, mənim münasibət bildirmək üçün yeganə fikir deyil”.
O qeyd edib ki, məsələyə tam şəkildə baxmaq lazımdır.
Deyildiyinə görə, Ermənistan rəhbərliyi Azərbaycanla münaqişənin həllində daha çox Qərbin vasitəçiliyinə üstünlük verir və məhz onun istəyi əsasında Rusiyanın Cənubi Qafqazdan çıxıb getməsini arzulayır. Eyni zamanda Türkiyənin prosesə qoşulmasını məqbul saymır. Ərdoğan isə məlum məsələdə Rusiyanı əsas tərəfdaş sayaraq Qərbin Cənubi Qafqaz məsələlərinə qarışmasının əleyhinədir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan iki gün öncə bəyan edib ki, o, Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib.
Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib: “Bəli, əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda görüş keçirilməsi bizim prioritetimizdir. Amma biz, həmçinin dördtərəfli formatda görüşməyi təklif etdik. Bu təklifi çatdırdıq. Yəni mən özüm, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan. Mən dedim ki, gəlin görüşək, atılacaq addımları birlikdə müzakirə edək. Amma indiyədək bu təklifə müsbət və ya mənfi cavab almamışıq”.