Ermənistanın BCM-yə qoşulması prosesi başa çatıb
Ermənistan Roma Statutunun ratifikasiya sənədini saxlanması üçün BMT-yə təqdim edib.
Bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna öz “X” hesabında paylaşım edib.
“Və budur, hazırdır, Ermənistan ratifikasiya sənədini BMT-yə təqdim etdi. İndi Ermənistan ərazisində törədilmiş hərbi cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxıla bilər”, - deyə paylaşımda qeyd edilib.
Paşinyan bir müddət əvvəl “Politico Europe” nəşrinə müsahibəsində Roma əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. O, fikrini belə əsaslandırmışdı ki, Ermənistanın hazırkı təhlükəsizlik alətləri tələbatlara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir. Paşinyan demişdi ki, sənədin köməyi ilə Azərbaycanı məsuliyyətə cəlb edəcək.
Qeyd edək ki, ötən gün BMT-də ratifikasiya sənədinin saxlanması üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib. İlkin ratifikasiyanı BMT-nin Beynəlxalq Müqavilələr Departamentinin rəhbərinə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mger Markaryan verib. Sənədin orijinalının təhvil verilməsi ilə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması prosesi başa çatıb.
Bununla Ermənistan BCM-nin nizamnaməsinə qoşulan 124-cü ölkə olub.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur.
Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri.