Hindistan Ermənistana yeni hərbi texnika göndərməkdə qərarlıdır
“Akaş” zenit-raket kompleksləri qışda Ermənistana təhvil veriləcək
Hindistan istehsal etdiyi “Akaş” zenit-raket komplekslərini qışda Ermənistana çatdırmağı planlaşdırır.
“Akaş” hava hücumundan müdafiə sisteminə Braziliya, Misir, Filippin və digər dövlətlər də maraq göstərir. Silah 2007-ci ilin dekabrında sınaqdan keçirilib.
Ümumilikdə Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.
“EurAsianTimes qəzeti yazır ki, Akaş Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, “hava-yer” və “yer-yer” raketləri almaqda da maraqlıdır.
Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün müqavilə imzalayıb.
Hindistan həmçinin bu Cənubi Qafqaz ölkəsinə özüyeriyən haubitsa və antidron sistemlərini də tədarük etməyi planlaşdırır.