Nikol Paşinyan:
“Ermənistan hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib"
Ermənistan Baş naziri Orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkməyin zəruriliyindən danışıb.
Nikol Paşinyan ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib ki, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir:
"Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır",- Paşinyan deyib.
Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb.
O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir:
"Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib",- Ermənistanın baş naziri deyib.