Kreml qərbpərəst erməni elitasını məyus edir
Bondaryov: Ermənistan Rusiya qoşunlarını çıxarmağı ağlına belə gətirməsin!
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Ermənistan hökumətinin rus sərhədçilərinin ölkənin əsas beynəlxalq aeroportu – “Zvartnots” hava limanından çıxarılması tələbini pisləyib.
Viktor Bondaryov bildirib ki, Ermənistanın ərazisindəki Rusiya hərbçiləri regionda təhlükəsizliyi təmin edir.
Viktor Bondaryov “Telegram” kanalında yazıb: “Rusiya hərbçilərinin çıxarılması gərginliyin artması ilə nəticələnəcək”.
Ermənistan hökumətinin məlum tələbini tənqid edən rusiyalı rəsmi qeyd edib: “Bu hərəkət Paşinyan hökumətinin hələlik ən böyük qeyri-dost addımıdır. Bu, əslində Ermənistanın sakit, lakin ardıcıl şəkildə qeyri-dostluğa doğru sürüklənməsi, KTMT-nin əsaslarından ayrılmasıdır. Səbəbi Avropanın Paşinyana parlaq gələcəyi vəd etməsidir”.
Bondaryov sonda Ermənistan hakimiyyətinə rus qoşunlarının İrəvandan çıxarılmasını heç ağlına belə gətirməməsini tövsiyə edib.