Mart 19, 2024 13:43 Asia/Baku
  • Rəsmi İrəvan bu məsələni götür-qoy edir

Ermənistan xarici işlər nazirinin müavini bu ölkənin Avropa İttifaqına üzvlük ərizəsi göndərməyə tələsmədiyini bildirib.

Vahan Kostanyan bu barədə deyib: “Ermənistan-Aİ münasibətlərində gördüyümüz dinamikanı misli görünməmiş hadisə kimi xarakterizə etmək olar və bu istiqamətlərdə müsbət dəyişikliklər də irəliləməyə və daha iddialı gündəmlərdən danışmağa imkan verəcək”.

O, “Azatutyun” radiostansiyasının efirində İrəvanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyi sualını cavablandıran qeyd edib ki, Ermənistan hökuməti Aİ ilə münasibətləri dərinləşdirməyə hazırdır. İttifaqın müşahidəçi missiyası bir ildən artıqdır ki, Ermənistandadır. Hazırda Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması və Ermənistan məhsullarının Avropa bazarına çıxışının asanlaşdırılması ilə bağlı müzakirələr davam edir. Lakin üzvlük məsələsinin parlamentdə müzakirəsi barədə danışmaq hələ tezdir və həm müsbət, həm də mənfi cəhətləri başa düşmək üçün ictimai müzakirələr aparılmalıdır.

 

Xarici işlər nazirinin müavini sonda vurğulayıb: “Bizim hər hansı qərarımız Ermənistan Respublikasının müstəqilliyini, demokratiyasını, suverenliyini gücləndirmək üçün olacaq və bu, digər geosiyasi qütblə ziddiyyət kontekstində nəzərdən keçirilməməlidir”.