Rəsmi İrəvan Moskva ilə əlaqələrin gərgin olduğunu bildirir
Mirzoyan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
Ermənistanın XİN rəhbəri bəyan edib ki, Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır.
Ararat Mirzoyan Əl-Cəzirə televiziyasına müsahibəsində həmçinin deyib: “Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, lakin təşkilatın mexanizmlərinin işə salınmasında israrlıdır”.
Erməni nazirin sözlərinə görə, KTMT üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılan hərbi-siyasi birlikdir və onun öz funksiyasını yerinə yetirməməsi Ermənistan cəmiyyətində suallar yaradıb”.
Mirzoyan sonra deyib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır.
“Ermənistan buna təkcə hazır deyil, həm də beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır, buna görə də hökumətimiz regionun iqtisadi rifahı baxımından Sülh kəsişməsi təşəbbüsünü irəli sürüb, bu həm də regionda sülhün bərqərar olması üçün mühüm amilə çevriləcək. Ermənistan bu layihənin Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcəyini anlayaraq, əsasən Azərbaycanla, həm də Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır”, - deyə Mirzoyan qeyd edib.
O əlavə edib ki, əgər bu, həyata keçirilərsə, Fars Körfəzi ölkələrini Qara dəniz iqtisadi regionu ilə əlaqələndirmək üçün maraqlı tranzit marşrutu olacaq.