İrəvan Azərbaycanın tələblərini yerinə yetirmir
Paşinyan: Ermənistan Konstitusiyasını dəyişdirməyəcək
Ermənistanın baş naziri Azərbaycanla münasibətlərin nizamlanmasına dair bir sıra bəyanatlar səsləndirib.
Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında kommunikasiya yollarının açılması məsələsinə toxunaraq Azərbaycan tərəfinə konkret təklif irəli sürdüklərini bildirib.
Onun sözlərinə görə, bu təklif çərçivəsində Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə yük qatarı əlaqəsi qurulması; eyni prinsip əsasında Ermənistanın Yerask qəsəbəsindən Naxçıvan ərazisindən keçməklə Mehriyə, eləcə də Ermənistanın Azərbaycan ərazisindən beynəlxalq ticarət üçün, Azərbaycanın isə Ermənistan ərazisindən beynəlxalq ticarət və yük daşımaları üçün keçid imkanı əldə etməsi nəzərdə tutulur.
Paşinyan əlavə edib: “Biz maneəsiz əlaqəyə qarşı deyilik, lakin bu, həmin yola Ermənistan Respublikasının yurisdiksiyasının şamil edilməyəcəyi anlamına gəlməz”.
Bakının Ermənistan konstitusiyasına dəyişiklik etmək tələbinə gəlincə, Paşinyan deyib ki, heç nə dəyişməyəcək. “Ermənistanın Konstitusiya Məhkəməsi təsdiq edib ki, bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiası yoxdur”, - deyə baş nazir bildirib.
O qeyd edib ki, sülh müqaviləsi imzalandığı təqdirdə Bakının Ermənistan konstitusiyası ilə bağlı narahatlığı aradan qalxacaq.