Keçmiş konqresmenin yüksək vəzifəyə təyin edilməsi Azərbaycana mesajdırmı?
Amerika erməniləri Qabbarda güvənirlər
Amerika Hay Dat Komitəsi ermənipərəst sabiq konqresmen, Tulsi Qabbardın Milli Kəşfiyyat İdarəsinə direktor təyin edilməsindən məmnun qalıblar.
Vaxtaşırı Azərbaycan Respublikasının Qarabağda erməni əhalisinə qarşı etnik təmizləmədə ittham edən komitə Tulsi Qabbardın ABŞ Milli Kəşfiyyat İdarəsinə direktor vəzifəsinə təsdiq olunması münasibətilə onu təbrik edib.Müraciətdə Qabbardın Ermənistanın müstəqilliyinin tanınması və Qarabağdakı ermənilərə dəstək məsələlərindəki ardıcıl mövqeyi yüksək qiymətləndirilib.
Qeyd edək ki, Qabbard, 2017-ci ildə Qarabağa səfər edib və Qarabağla bağlı Amerika Hay Dat Komitəsinin təşkil etdiyi konfransda iştirak edib. Beləliklə də ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Qabbard ABŞ-da erməni qurumları ilə yaxşı münasibətlərə malikdir.
ABŞ prezidenti Donald Tramp xanım Qabbardı tərifləyərkən demişdir ki, “onun parlaq karyerası var və o, güc yolu ilə sülhü təmin edərək, bizə qürur hissi verəcəkdir”.Yeri gəlmişkən bildirək ki, sabiq konqresmen, polkovnik Tulsi Qabbard həm Respublikaçı, həm də Demokrat partiyalarının nümayəndələrinin geniş dəstəyini qazanıb.
Bu təyinatdan ruhlanan erməni Hay Dat Komitəsi Tramp administrasiyasına “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci maddəsini tətbiq etməyə çağıraraq, ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmasını tələb edib.
Komitə həmçinin ABŞ hökumətini Azərbaycana təzyiq etməyə çağıraraq, erməni hərbçilərinin dərhal azad edilməsini və Qarabağda guya soyqırıma məruz qalanlara müvafiq yardım ayrılmasını xahiş edib.