Yerazlar Ermənistana qayıda bilməyəcəklər
Mirzoyan: Müqavilə mətnində bu barədə bənd yoxdur
Ermənistanın xarici işlər naziri bəyan edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsi layihəsinin mətnində ermənilərin və azərbaycanlıların SSRİ-nin dağılmasından əvvəl yaşadıqları yerlərə qarşılıqlı qayıtması ilə bağlı bənd yoxdur.
Ararat Mirzoyan parlamentin Xarici Əlaqələr Komissiyasında etdiyi çıxışında deyib: “Müqavilənin imzalanması özlüyündə iki ölkə arasındakı bütün problemləri həll etmir. Böyük və zəhmətli iş qarşıda durur və sülh müqaviləsi bu məsələni həll etməyə imkan verəcək mexanizmləri nəzərdə tutur. Lakin Ermənistan sülh müqaviləsi mətninin razılaşdırılmasından sonra Azərbaycanın ilkin şərtlərini qəbul etmir”.
O əlavə edib: “Bu ilkin şərtlər əvvəllər də irəli sürülüb. Biz onların legitimliyini heç vaxt qəbul etməmişik və gündəmin bir hissəsi hesab etməmişik. Biz heç vaxt onlar haqqında danışıqlar aparmamışıq”.
Mirzoyanın sözlərinə görə, razılaşdırılmış mətndə qaçqınların qaytarılması və "dəhliz" ilə bağlı heç bir müddəa yoxdur: "Ümumiyyətlə, saziş layihəsinin mətnində blokadanın götürülməsi mexanizmləri haqqında heç nə yoxdur və ya sazişin mətnində birtərəfli qaydalar yoxdur. Həmçinin, konstitusiyalarla bağlı heç bir tənzimləmə yoxdur.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda jurnalistlərə deyib ki, sülh sazişi layihəsi "məqbul kompromis variant" sayılır, ölkəsi sazişin nə zaman və harada imzalanmasını müzakirə etməyə hazırdır.
O vurğulayıb ki, saziş imzalanandan sonra Ermənistan Azərbaycanla sərhəd boyunca xarici qüvvələr yerləşdirməyəcək.
Xatırladaq ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Bildirilir ki, Ermənistan hökuməti açıq qalan iki maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib. Rəsmi Bakı daha əvvəl Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun dəhliz şəklində açılmasını tələb edib. Rəsmi İrəvan isə "dəhliz" termininə qarşı çıxaraq təkidlə bildirir ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır.