Mart 15, 2025 15:03 Asia/Baku
  • Ermənistan rəhbərliyi Rusiyadan dəstək istəyirmi? - AKTUAL

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinə Vladimir Putinə zəng edərək onu Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb.

Ermənistan baş nazirinin Putinə zəng etməsi ilə bağlı Bakıdakı bəzi ekspertlər bunun mümkün səbəbləri barədə müxtəlif ehtimallar irəli sürürlər. Politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb ki, “Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o Putinlə münasibətləri istiləşdirməyə çalışır”.

Digər ehtimala görə isə Paşinyanın bu addımı Trampın Rusiya ilə dil tapmağa çalışması fonunda onun Qərbə artıq güvənə bilmədiyinə dəlalət edə bilər. Bu səbəbdən Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması ərəfəsində Rusiyadan dəstək axtarır.

Rasim Musabəyov eyni zamanda təxmin edir ki, Ermənistan lideri Azərbaycanın AZAL təyyarəsi məsələsinə görə Rusiyadan küsməsindən öz xeyrinə bir fürsət kimi faydalanmaq niyyətində ola bilər. Xüsusilə də ona görə ki, Rusiya istər-istəməz Ermənistanın əsas hərbi və siyasi tərəfdaşıdır, ona görə də Paşinyan məlum məsələdə Putinin dəstəyinə ümid edir.

Hər halda Paşinyan anlayır ki, Cənubi Qafqazda cərəyan edən proseslərdə Rusiya vazkeçilməz aktyordur, sülh müqaviləsinin imzalanmasında onun da maraqları mütləq təmin olunmalıdır və Putini qıcıqlandırmamaq olmaz, əks təqdirdə sonradan problem yarana bilər.