Mart 25, 2025 10:59 Asia/Baku
  • Ermənistandakı bioloji laboratoriyaların sayı artırılır

Ermənistanda Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən biolaboratoriyalarla bağlı məsələ erməni mediasında bir neçə gündür yenidən gündəmə gətirilib.

Erməni mediası yazır ki, 1990-cı illərdən bir sıra postsovet ölkələrində ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə çoxsaylı bioloji laboratoriyalar yaradılıb. ABŞ Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən DTRA agentliyi postsovet ölkələrində fəaliyyət göstərən bu laboratoriyaları maliyələşdirir, həmçinin sözügedən ölkələrə, o cümlədən Ermənistana müvafiq mütəxəssislər göndərir, bioloji tədqiqatlar aparır.

Bu arada 2024-cü ilin yanvarında Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a səfəri zamanı Ermənistanda 13-cü biolaboratoriyanın açılması ilə bağlı Pentaqonla müqavilə imzaladığı barədə məlumat yayılıb.

Müxtəlif mənbələrə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Sevan, Şirak, Lori, Tavuş, Armavir, Ararat, Sünik bölgələrində fəaliyyət göstərir.

ABŞ-ın Ermənistanda təhlükəli laboratoriyalar yaratması barədə iddianı ilk dəfə Rusiya irəli sürmüşdür.

Xatırladaq ki, bir neçə gün öncə erməni fəallar bu biolaboratoriyalarla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi önündə aksiya keçirmişdilər.

ABŞ-ın Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edir.