Apr 07, 2025 10:27 Asia/Baku
  • Yeni Dehli ermənilərə daha geniş çeşiddə texnika təklif edir - AKTUAL

Son illərdə Hindistan silah ixracatçısı mövqeyini sürətlə gücləndirir və Ermənistan Yeni Dehlinin əsas müştərisinə çevrilib.

Rusiya ilə hərbi əməkdaşlığın zəifləməsi fonunda İrəvan silahlanmaya milyardlarla dollar sərmayə qoyur, artilleriyadan tutmuş pilotsuz təyyarələrə qarşı komplekslərə qədər fəal şəkildə Hindistandan silah sistemlərini alır və Yeni Dehli öz hərbi-sənaye kompleksinin ən son inkişafları da daxil olmaqla Ermənistana daha geniş çeşiddə texnika təklif edir.

Potensial təkliflərdən biri yüksək hündürlükdə döyüş üçün nəzərdə tutulmuş yüngül zərbə helikopteri HAL Prachand (LCH) ola bilər. Hindistan Hərbi Hava Qüvvələrinin istefada olan pilotu Augustine Vinod bu barədə Eurasian Times qəzetində dərc olunan məqaləsində yazıb.

“Prachand” helikopterinin kütləvi istehsalına 2023-cü ildə başlanılıb. Prachand 6400 metrdən çox hündürlükdə işləmək qabiliyyətinə görə əksər analoqlardan sərfəli şəkildə fərqlənir. Himalay dağlarının şəraiti nəzərə alınaraq hazırlanmış yeni helikopter özündə möhkəm konstruksiyanı, manevr qabiliyyətini və ən əsası dağlıq ərazinin atmosferinə tam uyğunlaşma qabiliyyətini birləşdirir.

Xatırladaq ki, son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları və tank əleyhinə raket sursatları daxildir.

Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir.

Bildirilir ki, Türkiyə və Pakistanın Azərbaycana dəstəyi Hindistan üçün Ermənistana havadar durmağı daha da vacib edib.