Apr 15, 2025 11:17 Asia/Baku
  •  “İrəvan həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır”

Ermənistan hökuməti Azərbaycanla sülh sazişini imzalamaq imkanlarını mümkün hesab edir.

Bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O deyib: “Sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.

 

Bununla belə Azərbaycan tərəfi bildirir ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.