May 16, 2025 10:10 Asia/Baku
  • Diplomat Azərbaycan prezidentinin parada qatılmamasına münasibət bildirməyib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən hərbi parad və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: “Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış "Müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında" bəyannamənin əsasında qurur.Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir”.

Zaxarova əlavə edib: “Öz tərəfimizdən ikitərəfli münasibətlər üzrə bu əsas sənədin bütün potensialının ardıcıl olaraq aşkara çıxarılmasına, qarşıya çıxan bütün məsələlərin birlikdə, yüksək səviyyədə, qarşılıqlı hörmət əsasında həllinə sadiqik. Hökumətlər və xarici siyasət qurumları arasında bir sıra yüksəksəviyyəli təmaslarımız mövcuddur”.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. 

Bildirilir ki, Moskva bu məsələyə də aydınlıq gətirməyib.Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. 

Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verilməyib.Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi istisna deyil.