İyun 12, 2025 19:11 Asia/Baku
  • Medinski niyə Qarabağı Ukrayna ilə müqayisə edib? - AKTUAL

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı mübahisəli bölgə adlandırıması Azərbaycan Respublikasında təəccüb və təəssüflə qarşılanıb.

Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” kimi təsvir etməsi Azərbaycanda XİN-dən tutmuş siyasi analitiklərə qədər kəskin reaksiyaya səbəb olub.

İyunun 9-da “Russia Today” telekanalına müsahibəsində Ukrayna sülh danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Medinski Ukraynadakı müharibəni Qarabağ ətrafındakı vəziyyətlə müqayisə edərkən deyib: “Rusiya-Ukrayna cəbhəsində münaqişə sadəcə atəşkəslə başa çatarsa və real sülh əldə olunmazsa, vəziyyət Ermənistan və Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsinə bənzəyəcək”.

Medinskinin bu sözləri Azərbaycanda rəsmilərin narazılığına səbəb olub. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Qarabağ heç vaxt “mübahisəli ərazi” olmayıb və Rusiyanın özü bölgəni Azərbaycanın bir hissəsi kimi tanıyıb.

O, bu müqayisəni yersiz və təxribat xarakterli adlandırıb:“Azərbaycan heç vaxt başqa dövlətin ərazisini işğal etməyib, Azərbaycan 2020 və 2023-cü illərdə yalnız öz suveren ərazisində əməliyyatlar aparıb və beynəlxalq hüquq normalarına uyğun olaraq öz mövqeyini bərpa edib”, - deyə Hacızadə vurğulayıb.

Bəyanatın ardınca Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gərginliyi azaltmağa çalışaraq Medinskinin tarixi və sosial aspektləri önə çəkdiyini bildirib.

Bununla belə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Medinskinin dedikləri dil sürüşməsi deyil, Kremldən getdikcə daha çox düşünülmüş mesajlaşma kampaniyasının bir hissəsidir.Onun sözlərinə görə, bu açıqlama Krım da daxil olmaqla, Ukraynadan Rusiyanın zəbt etdiyi ərazilərin tanınması üçün Azərbaycana dolayı təzyiqdir.

Xatırladaq ki, RİA Novosti son günlər Kremldəki adı açıqlanmayan mənbəyə istinadən bildirmişdi ki, Moskva Bakının Rusiyanın yeni regionlarını və Krımı tanıyacağına ümid edir.