Avq 04, 2025 16:33 Asia/Baku
  • Rusiya büstün dağıdılmasına görə Azərbaycandan izahat istəyib – AKTUAL

İşğaldan azad edilmiş ərazilərdə ermənilərə aid bir-çox abidə ötən iki ildə dağıdılıb. Bu günlərdə isə erməni əsilli rusiyalı rəssam İvan Ayvazovskinin büstünün sökülməsi Rusiyanın etirazı ilə qarşılaşıb.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Mixail Şvedkoy Xankəndidə Aivazovskinin abidəsinin dağıdılmasını Rusiyaya qarşı qeyri-dost və hiddət doğuran hərəkət adlandırıb.

Rusiya tərəfi Bakıdan bu tarixi abidəni dağıtmasının səbəbi ilə bağlı rəsmi izahat tələb edir. Lakin Azərbaycan tərəfi Rusiya sülhməramlıları tərəfindən “Dəniz rəssamı” büstünün qoyulmasının Bakının razılığı olmadan həyata keçirildiyini və qanunsuz olduğunu bəyan edir.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, erməni əsilli rəssam İvan Ayvazovskinin büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi.

Xatırladaq ki, Ayvazovskinin Xankəndidəki abidəsi 2021-ci ildə Rusiya sülhməramlılarının iştirakı ilə ucaldılıb və heykəltəraşı rus millətindən olub.

Bu arada Bakı Rusiyanın dövlət TASS xəbər agentliyindən Stepanakert erməni təxəllüsündən istifadə etdiyinə görə üzr istəməsini tələb edib, əks halda qanunvericiliyə uyğun olaraq TASS-ın Bakıdakı fəaliyyətinə qarşı tədbirlər görəcəyi ilə hədələyib.

Rusiya mətbuatı bunun ardınca Stepanakert sözünü nəşrindən çıxarsa da, bu məsələnin özü Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun davam etdiyinə dəlalət edir.