Ağ Evdə şou başa çatdı
Tramp Cənubi Qafqazın yeni kəndxudası kimi təsdiqlənib - AKTUAL
ABŞ, Azərbaycan və Ermənistan liderləri Ağ Evdə sülhə dair Birgə Bəyannamə imzalayıblar, Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb!
Avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə ABŞ prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə çox əmin olduğunu bildirib və iddia edib ki, onun istəyi bölgədə sülhün və rifahın təmin olunmasıdır.
Tramp sonra Zəngəzur Dəhlizi ifadəsindən imtina edərək deyib ki, “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək.
Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev deyib: “Bizim strateji tərəfdaşlığımız başlayır və biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”.
O, həmçinin bildirib ki, bir neçə ay ərzində Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya hazırlanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Donald Trampa minnətdarlığını bildirib.
Sonra Tramp Əliyevdən neçə il hakimiyyətdə olduğunu soruşub, “22 il” cavabını eşidəndən sonra “bu o deməkdir ki, o, sərt və ağıllıdır” deyə vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da bildirib ki, İrəvan və Bakı ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur.
Paşinyan çıxışında deyib ki, prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistan baş naziri Nikol Paşinyanla birgə Nobel komitəsində ABŞ prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif edib.
“Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik”, – deyə İlham Əliyev vurğulayıb.
Daha sonra Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin imzaladığını bildirib.
Sonda Azərbaycan, ABŞ və Ermənistan liderləri Birgə Bəyannaməni imzalayıblar.
Qeyd edək ki, imzalanan sənəd sülh sazişi deyil və niyyət protokolu hesab olunur. 2025-ci ilin martında sülh sazişi layihəsi yekunlaşsa da, sənəd hələ imzalanmayıb.