Ağ Evdəki sammit heç nəyi həll etmədi
“Tramp marşrutu” Vaşinqton bəyanatının yeganə gurultulu nailiyyətidir - TƏHLİL
ABŞ, Ermənistan və Azərbaycan arasında qəbul olunan “ortaq bəyanat” zahirən böyük siyasi hadisə kimi təqdim olunsa da, əslində məzmun baxımından boş bir sənəddir.
Amerika paytaxtında Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan bəyanatın mətni real problemlərin həllinə yönəlmək əvəzinə, daha çox ABŞ-ın, xüsusilə də Donald Trampın siyasi üslubuna uyğunlaşdırılmış bir piar məhsulu hesab edilir. Ən “böyük nailiyyət” kimi korridorun adının dəyişdirilməsi və “Tramp marşrutu” adlandırılması göstərilir ki, bu da siyasi prosesləri ciddi nəticələrdən çox, simvolik jestlər səviyyəsinə endirir. Baxmayaraq ki, “Tramp marşrutu” adlı gurultulu layihənin Cənubi Qafqazda yeni münaqişəyə səbəb olacağı və bəri başdan Rusiyanın sərt reaksiyası ilə üzləşəcəyi istisna deyil. Azərbaycanlı hüquqşünas Əkrəm Həsənov son məqaləsində bildirdi ki, “əslində Qarabağ münaqişəsinin etnik zəmində yaranmasında Qərbin, Amerikanın rolu olmuşdu”. Bəli, hazırda yenə də hansısa münaqişədən söhbət gedirsə, yenə də onun müəllifi ABŞ və Qərb kollektividir.
Digər tərəfdən Ağ Evdə imzalanan bəyanatda bütün mühüm məsələlər gələcəyə ötürülüb. Yəni, konkret qərar, icra mexanizmi və vaxt cədvəli yoxdur. Bu, tərəflərin bu mərhələdə heç bir real razılığa gələ bilmədiyini və sadəcə zaman udmağa çalışdığını açıq şəkildə göstərir. Sanki əsas məqsəd real nəticə əldə etmək yox, ABŞ vasitəsilə regiondakı “danışıqlar prosesi”ni canlı göstərməkdir.
Ən mühüm məqam isə odur ki, Ermənistan–Azərbaycan münasibətlərində illərdir həllini gözləyən əsas problemlərə; yəni sərhədlərin dəqiq müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması, təhlükəsizlik təminatları və qarşılıqlı etimad tədbirlərinə toxunulmayıb. Bunun əvəzində bütün mövzular “növbəti mərhələ”yə saxlanılıb ki, bu da prosesin sonsuz bir diplomatik dairə halına düşdüyünü göstərir.
Nəticədə, belə sənədlər yalnız beynəlxalq ictimaiyyət qarşısında görüntü yaratmaq və ABŞ-ın regiondakı təsirini qorumaq üçün istifadə olunur. Real siyasət baxımından isə bu bəyanat nə Ermənistan, nə Azərbaycan, nə də region xalqları üçün konkret irəliləyiş gətirmir. Əksinə, problemin mahiyyətini həll etmək əvəzinə onu uzadır, tərəflər arasındakı etimadsızlığı aradan qaldırmır. Ona görə də hesab etmək olar ki, Vaşinqton, İrəvan və Bakı arasında imzalanan son “ortaq bəyanat” diplomatik tarixdə daha çox dekorativ sənədlər siyahısına düşəcək. Sanki bütün proses, Donald Trampın siyasi şousuna uyğunlaşdırılıb: reallıqdan çox tamaşa effekti, nəticədən çox görüntü. Başqa sözlə, bu sənəd tərəflərin heç nədə razılaşmadığını, sadəcə “danışıqlar görüntüsü” yaratmaq üçün kağız üzərində imza atdıqlarını təsdiqləyir.