Rusiya “Tramp marşrutu”nu təhlil etməyə başlayıb
Zaxarova: 10 noyabr bəyanatı hələ də aktualdır
Rusiya hökuməti kənardan müdaxilənin Cənubi Qafqazda vəziyyəti gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edərək, Tramp marşrutuna qarşı olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bununla bağlı ilk şərhində bildirib ki, regional kommunikasiyaların açılması barədə Rusiyanın da iştirak etdiyi razılaşmalar aktualdır və tərəflərdən heç biri ondan çıxmayıb.
2020-ci il 10 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış bəyanatda göstərilir ki, regional nəqliyyat üzrə nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək.
Zaxarovanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olduğundan tranzit yükdaşımaların təşkilində bu faktoru da nəzərə almalıdır.
Rusiyalı rəsmi onu da xatırladıb ki, hazırda Ermənistan-İran sərhədini rus sərhədçiləri qoruyur.
Zaxarova sonda qeyd edib ki, Yaxın Şərqdə Qərbin rəhbərlik etdiyi münaqişələrin həlli ilə bağlı "bədbəxt təcrübə"nin qarşısı alınmalı və qeyri-regional oyunçuların cəlb edilməsi yeni parçalanmalar yaratmamalıdır.
Bu açıqlamaya hələ ki, nə İrəvan, nə də Bakı reaksiya verib.
Bu arada Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Coşua Kucera hesab edir ki, yeni nəqliyyat dəhlizinin praktiki olaraq necə işləyəcəyi bəlli deyil.
"Əsas təfərrüatlar, o cümlədən gömrük yoxlamaları və təhlükəsizliyin necə işləyəcəyi və Ermənistanın Azərbaycan ərazisinə qarşılıqlı çıxışının xarakteri ilə bağlı müəmmalar var. Bunlar gələcəkdə ciddi maneələr ola bilər", - deyə Kucera bildirib.