Ermənistan Tramp marşrutunu leqallaşdırmağa çalışır
Paşinyan Putinə zəng edib
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Kremlin məlumatına görə, liderlər arasında dialoq İrəvanın təşəbbüsü ilə baş tutub.
Məlumatda bildirilir ki, söhbət zamanı Ermənistanın baş naziri Rusiya prezidentinə avqustun 8-də Vaşinqtonda keçirilən görüşünün yekunları barədə məlumat verib.
Rusiya prezidenti də öz növbəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşün nəticələri və Alyaskada Trampla danışıqlara hazırlıq barədə danışıb.
Putin və Paşinyan həmçinin ikitərəfli ticarət və investisiya əməkdaşlığının inkişafı və Avrasiya İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətə toxunublar.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə üçtərəfli görüşün yekunları üzrə birgə sülh bəyannaməsi imzalayıblar. Sənəd xüsusilə iki Cənubi Qafqaz ölkəsi arasında tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur və bu dəhliz Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlandırılıb. Ermənistan ABŞ-a marşrutun inkişafı üçün 99 il eksklüziv hüquqlar verib.
Xatırladaq ki, Nikol Paşinyan Vaşinqtonda erməni jurnalistlərlə söhbətində regional rabitələrin blokadasının aradan qaldırılmasında Rusiyanın vasitəçiliyinin uğursuz olduğunu iddia edib.
“Kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrup mövcud idi. Biz həmişə bu məntiq üzrə işləməyə hazır olduğumuzu bildirdik və bizə heç vaxt aydın olmadı ki, niyə bilavasitə və ya dolayı yollarla bu işə mane olundu. Prosesləri elə istiqamətləndirməyə çalışırdılar ki, Ermənistanın suverenliyi, ərazi bütövlüyü və səlahiyyətləri aşağı salınsın”, - deyə Paşinyan ABŞ-a bu sahədə xüsusi imtiyazlar verdiyini əsaslandırmağa çalışıb.