Azərbaycanla sülhü kölgədə saxlayan amil:
Ermənistanda konstitusiya dəyişikliyi reallaşacaqmı? - TƏHLİL
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması sülhün əldə olunmadsı demək deyil və hər şey Ermənistanda qonşu ölkəyə qarşı ərazi iddiasından imtina edən konstitusiya düzəlişindən asılıdır.
Ermənistanda konstitusiyaya dəyişiklik etmək proseduru kifayət qədər mürəkkəbdir və geniş siyasi razılaşma ilə vətəndaş rəyinin nəzərə alınmasını tələb edir.
Konstitusiyanın müəyyən əsas müddəaları yalnız referendum yolu ilə dəyişdirilə bilər. Dəyişiklik təşəbbüsü Milli Məclisin səs çoxluğu və hökumətin bunu qəbul etməsi ilə başlanır və ya ən azı 200,000 seçici tərəfindən irəli sürülə bilər.
Qanuni baxımdan, konstitusiyanın dəyişdirilməsi böyük hazırlıq, ictimai müzakirə və siyasi konsensus tələb edən kompleks bir prosesdir.
Hazırkı vəziyyətdə Ermənistan hökuməti yeni konstitusiya layihəsi üzərində işləyir. Bəzi açıqlamalara görə, bu layihə 2026-cı ilin parlament seçkilərindən sonra və ya 2027-ci ildə referendumla təsdiq edilə bilər. Bəs xalq bu dəyişikliyi qəbul etməsə nə olar?
Konstitusiya dəyişiklikləri referenduma çıxarılsa, bu səsvermədə iki şərt olmalıdır:
1. Ümumi səsvermədə iştirak edənlərin çoxluğu dəyişiklik tərəfdarı olmalı,
2. Və bütün seçicilərin ən azı üçdə biri “lehinə” səs verməlidir.
Əgər bu şərtlər ödənməzsə, dəyişiklik qüvvəyə minməz və onlar “imtina edilmiş” sayılar. Nəticədə indiki konstitusiya dəyişməz qalacaq ki, bu da sülh sazişinin imzalanmasına mane törədə bilər.
Əgər referendumda dəyişiklik qəbul edilməzsə, sülh sazişinin imzalanması prosesi ləngiyə bilər. Bu məsələnin strateji mahiyyəti ondadır ki, referendumsuz sazişin ratifikasiyası parlamentdə ciddi siyasi müzakirələrə hədəf ola bilər və hüquqi baxımdan da çətinləşə bilər.
Azərbaycan tərəfi təminat məqsədilə erməni konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasını tələb edir.