Daha bir rusiyalı deputat Azərbaycanı hədələdi
Qurulev: Xüsusi hərbi əməliyyat Azərbaycana da şamil oluna bilər!
Rusiyanın tanınmış deputatı və istefada olan general Azərbaycana qarşı birbaşa hərbi əməliyyat hədəsi ilə çıxış edib.
Dövlət Dumasının üzvü, general-leytenant Andrey Qurulev sərt tonda çıxış edərək Azərbaycanı Ukraynanı dəstəkləməklə Rusiya ilə “münasibətləri korlamaqda” ittiham edib.
“Əgər Rusiya mağazalarının rəflərində Azərbaycandan gətirilən mallar əskik olarsa, bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox şey dəyişəcək”, - deyə Qurulev bildirib. O, Rusiyadakı azərbaycanlı biznes icmasına qarşı üstüörtülü təhdiddən də çəkinməyb.
Qurulevin sözlərinə görə, “Böyük qonşu ilə heç bir səbəb olmadan münasibətləri korlamaq üçün böyük ağıl lazım deyil”, “Əgər münasibətlər pisləşsə, yəqin ki, Azərbaycan zərər çəkəcək” və nəhayət “Orada NATO-dan kimsə görünməlidir. Bu qəbuledilməzdir. Zira Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya daxil olmaq istəyi və cəhdlərinə görə başlamışdır”.
Qurulevin açıqlaması potensial hərbi əməliyyatlara açıq-aşkar eyhamla yekunlaşıb: "Əgər onlar başa düşmürlərsə, o zaman bunu başqa cür də etmək olar: "Xüsusi hərbi əməliyyat" elastik anlayışdır. O, bu cür hərəkətlərin Azərbaycana da şamil oluna biləcəyini ifadə edib.
Göründüyü kimi, Rusiya siyasətçi və qurumlarının Azərbaycanla bağlı açıqlamaları həm yumşaq, həm də sərt tonlu mesajları ehtiva edir.
İttihamlara cavab olaraq, Azərbaycan Milli Məclisinin YAP-çı üzvü, sabiq KGB polkovniki Arzu Nağıyev Rusiyanın regiondakı təsirinin zəifləməsi və hegemoniya siyasətindən imtina edə bilməməsi üzündən Azərbaycanı şərlədiklərini bəyan edib.