Rusiya Azərbaycana qarşı qisas hücumlarına keçirmi?
Odessada SOCAR-ın terminalları dağıdılıb - AKTUAL
Rusiya ordusu PUA-larla SOCAR-ın Odessadakı yanacaqdoldurma məntəqəsinə hücum edib, şirkətin terminalları sıradan çıxarılıb.
Ukraynanın Odessa liman şəhərinə kamikadze dronları ilə hücum 18 avqustda gecə yarısı baş verib.
Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində şiddətli yanğın baş verib. Zərər çəkən obyektlər arasında yanacaq tankları, nasos stansiyası binası, operator və texniki otaqlar və yanacaq anbarları var.
Daxil olan məlumatda bildirilir ki, hücumda 17 yanacaq tankı, nasos stansiyası binası və digər struktur hissələr zərər görüb.
Bu, SOCAR-ın Odessa regionundakı anbar obyektinə ikinci hücumdur. Birinci hücum 8 avqust gecəsi baş verib və o zaman da dron zərbəsi yanacaqdoldurma anbarına ziyan vurub.
Müşahidəçilərə görə, bu hücum yalnız Ukraynada infrastrukturun hədəflənməsi deyil, həm də Azərbaycanla bağlı enerji obyektlərini vurmaqla bu, Rusiyanın Bakıya qarşı strateji mesajıdır. Xüsusilə də, SOCAR Azərbaycanın dövlət enerji şirkəti olduğuna görə, bu hücum həmçinin Trans-Balkan boru kəməri marşrutu ilə Azərbaycan-Ukrayna qaz əməkdaşlığına yönəlmişdir.
Xatırladaq ki, əvvəlki hücumdan sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Hər iki lider Rusiyanın hücumlarını qəti şəkildə pisləyib və bunu, enerji təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndiriblər.
Hazırda belə təəssürat yaranıb ki, bu tip hücumlar Bakı ilə Moskva arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Həmçinin bu hadisə regionun geosiyasi mənzərəsinə ciddi təsir göstərmək potensialına sahibdir.