Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı təklif irəli sürüb
Qaluzin: Sənədin imzalanmasına ev sahibliyi etməyə hazırıq!
Rusiya xarici işlər nazirinin müavini bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Rusiya tərəfindən irəli sürülən platforma təklifi qüvvədə qalır.
Mixail Qaluzin RİA Novosti agentliyinə deyib: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün ev sahibliyi etmək təklifimiz hələ də qüvvədədir”.
Diplomat əlavə edib ki, Moskva iki ölkə arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir.
Xatırladaq ki, Ermənistan və Azərbaycan 8 avqustda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən sülh sammitində ilkin sülh razılaşmasını paraflamışdılar.
Hazırda Rusiya bu bəyanatla göstərir ki, Qarabağ sonrası regionda vasitəçi rolunu itirmək istəmir və Vaşinqtonda baş tutan ilkin razılaşmadan sonra Moskva sülh prosesində yenidən mərkəzi mövqe qazanmağa çalışır.
Bəzi təhlillərə görə isə, Qaluzinin açıqlaması həm ABŞ-ın vasitəçilik təşəbbüsünə cavab, həm də Ermənistanı və Azərbaycanı Rusiyadan uzaqlaşmaqdan çəkindirmək mesajıdır.
Beləliklə, sülh prosesi təkcə Bakı ilə İrəvan arasında deyil, Moskva və Vaşinqtonun diplomatik rəqabət meydanına çevrilib.