Rusiyalı senator xəbərdarlıq edir:
Tomahavk raketlərinin Kiyevə verilməsi “üçqat zərər” yarada bilər
Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü ABŞ hökumətinə Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə əlaqədar xəbərdarlıq edib.
Aleksey Puşkov bildirib ki, ABŞ prezidenti Donald Tramp indi ya öz hədəsini həyata keçirib sülh prosesinə zərbə vuracaq, ya da daha rasional bir yol seçəcəkdir.
Onun sözlərinə görə, əgər ABŞ Ukraynaya Tomahavk raketləri göndərsə, bu, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək, lakin “üçqat zərər” törədə bilər. “Rusiya ilə ABŞ arasında münasibətlərə, Ukrayna münaqişəsinin həlli perspektivlərinə və qlobal təhlükəsizliyə zərər verəcəkdir”, - deyə senator Aleksey Puşkov bildirib.
Rusiyalı senator qeyd edib ki, ABŞ Ukraynaya 50-yə qədər Tomahavk raketi ötürə bilər. Lakin bu, Ukraynanın döyüş meydanındakı vəziyyətinə heç bir real təsir göstərməyəcək, amma Ukrayna böhranının həlli perspektivləri üçün; Vaşinqton və Moskva münasibətləri üçün; və qlobal təhlükəsizlik üçün ziyanlı olacaq. Çünki bu silah təchizatları münaqişəni yeni səviyyəyə qaldıracaq.
Xatırladaq ki, oktyabrın 6-da Tramp Ukraynaya Tomahavk raketlərinin verilməsi imkanına dair qərar qəbul etdiyini demiş, lakin bu qərarın mahiyyətini açıqlamamışdı.