Ermənistanda Rusiyanın adamları vurulur
Gümrü şəhərinin meri saxlanıldı
Ermənistanın təhlükəsizlik qüvvələri bu gün Gümrü şəhər meriyasına basqın edərək, müxalifət yönümlü mer Vardan Qukasyanı saxlayıb.
Şəhər administrasiyasının məlumatına görə, əməliyyat zamanı binanın ətrafında gərginlik yaranıb və polis meriyanı tam mühasirəyə alıb.
Qukasyan aprel ayında keçirilən seçkilərdə mer seçilmişdi. Onun Rusiya ilə yaxın münasibətlərə malik olduğu bildirilir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası isə şəhər şurasında cəmi 33 yerdən 14-nü qazanmışdı.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, şəhər meriyasında korrupsiya və rüşvət ittihamları ilə bağlı istintaq tədbirləri aparılır. Komitənin açıqlamasına əsasən, mer Qukasyan, baş memar və daha altı vəzifəli şəxs saxlanılıb.
İstintaq məlumatına görə, Qukasyan və baş memar rüşvətxorluqda ittiham olunurlar.
Müxalifət iddia edir ki, Paşinyan hökuməti siyasi rəqiblərinə qarşı hüquqi təzyiq tətbiq etməklə məşğuldur. Məhz buna görə, Qukasyanın vəkillərindən biri bu hadisəni “Ermənistanda demokratiyanın böhranı” kimi qiymətləndirib.