Ermənistanın xarici işlər naziri rəsmi Bakının iddialarını rədd edir
“Konstitusiyanın dəyişdirilməsi şərtini qəbul etmirik”
Ermənistanın XİN rəhbəri bəyan edib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün əvvəlcədən şərtlər irəli sürür. İrəvan bununla razı deyil və etirazı var.
Ararat Mirzoyan Almaniyanın “Deutsche Welle” kanalına müsahibəsində vurğulayıb: “Onlar hesab edirlər ki, bizim Konstitusiyamızla bağlı problem var, bu onların nöqteyi-nəzəridir. Onlar Konstitusiyanın dəyişdirilməsini tələb edirlər. Bu, bizim qəbul edə bilməyəcəyimiz şərtdir. Bizim Konstitusiyamızda Azərbaycana qarşı heç bir ərazi iddiası ifadə edilmir. Azərbaycan tərəfinin irəli sürdüyü problem sadəcə mövcud deyil”.
O həmçinin qeyd edib ki, Vaşinqton bəyannaməsində Azərbaycanla blokadanın aradan qaldırılmasına dair əsas prinsiplər barədə razılığa gəlinib və bu, son dərəcə vacibdir. Belə ki, Ermənistan ərazisində yerləşən infrastruktur Ermənistanın, Azərbaycan ərazisindəki infrastruktur isə Azərbaycanın yurisdiksiyası altında işləməlidir.