Okt 22, 2025 17:15 Asia/Baku
  • Azərbaycan heyəti İrəvanda səfərdədir - AKTUAL

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa müzakirəsi keçirilir

Alınan məlumata görə, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti üzrə Araşdırmalar Mərkəzi bəyanat yayıb.

8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra formalaşan sülh gündəmi, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın yaradılmasının mümkün yolları, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının rəsmi qurumları hələlik hadisə ilə bağlı açıqlama verməyiblər. Lakin erməni mənbələri və beynəlxalq resurslar yazır ki, bu səfər “ayda bir dəfə” keçirilən Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti dialoqu çərçivəsində həyata keçirilir.

Ötən ayın 22-də də İrəvanda analoji görüş baş tutmuşdu. O zaman azərbaycanlı və türk nümayəndələr NATO Parlament Assambleyasının “Rous-Rot” proqramı çərçivəsində keçirilən 108-ci seminarda iştirak etmişdilər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə və gərginliklər nəticəsində iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və rəsmi əlaqələr praktik olaraq məhdud idi. Ona görə də İrəvana göndərilən nümayəndə heyəti iki ölkə arasında uzun müddət “tabu” sayılan diplomatik və ya işgüzar səfərlərdən biridir.