Moskva Cənubi Qafqazda sülh prosesinə nəzarəti əldən buraxmaq istəmir
Rusiya XİN: Üçtərəfli razılaşmalar “yol xəritəsi” rolunu oynayır
Rusiya Ermənistan–Azərbaycan normallaşma prosesində “fəal iştirak etməyə” hazır olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, bu proses sülh sazişinin imzalanmasını, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını, eləcə də nəqliyyat və iqtisadi əlaqələrin açılmasını əhatə edir.
Açıqlamada əlavə olunur ki, Rusiya həmçinin regional 3+3 formatı çərçivəsində də əməkdaşlığa hazırdır.
Nazirlik eyni zamanda 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış yüksək səviyyəli üçtərəfli razılaşmaların qüvvədə qaldığını və sülh prosesi üçün “yol xəritəsi” rolunu oynadığını vurğulayıb.
Rusiya XİN əlavə edib ki, İrəvan və Bakı ikitərəfli münasibətlərinin normallaşmasına doğru hələ görüləsi işlərin olduğunu düşünür. Buna sülh sazişinin imzalanması, kommunikasiyaların bərpası, sərhəd proseslərinin ədalətli və qarşılıqlı məqbul şəkildə tamamlanması, həmçinin vətəndaş cəmiyyətləri arasında effektiv təmasların qurulması daxildir.
Moskvanın fikrincə, sülh sazişinin yekun imzalanması, kommunikasiyaların bərpası və sərhədlərin delimitasiya prosesinin tamamlanması Cənubi Qafqaz ölkələrinin və regionun yaxın qonşularının xeyrinə olacaq.