Noy 08, 2025 15:14 Asia/Baku
  • Paşinyan: Azərbaycan ərazisi vasitəsilə yeni yük partiyaları idxal oluna bilər

Ermənistanın baş naziri ölkəsinə Azərbaycan ərazisi vasitəsilə yeni yük partiyalarının idxalını istisna etmir.

Nikol Paşinyan Azərbaycan ərazisindən Rusiyanın buğda yükünün Ermənistana idxalı və bu istiqamətdə gələcək addımlara toxunaraq deyib: “Vəziyyət gözlənilməz və dinamik inkişaf edir. Əvvəlcə nəzərdə tutulmuşdu ki, ilk qatar Qazaxıstandan Ermənistana çatsın, lakin prosesdə dəyişikliklər nəticəsində Azərbaycan Rusiyadan gələn qatarların da bu marşrutdan istifadəsinə icazə verib”.

Onun sözlərinə görə, əslində yük axınları Azərbaycan vasitəsilə Ermənistana çatmaq üçün yenidən qurulur.

Baş nazir vurğulayıb ki, Qazaxıstanın ilk qatarı çatmamış digər qatarlar da gələ bilər.

Paşinyan, əks istiqamətdə — Ermənistandan və ya Gürcüstandan Azərbaycan ərazisi vasitəsilə Rusiyaya, Qazaxıstana və ya digər ölkələrə yük axınının mümkünlüyünü də təsdiqləyib.

Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakının Ermənistana yük tranzitinin bütün məhdudiyyətlərini aradan qaldırdığını bildirmişdir.

Qeyd edək ki, noyabrın 6-da Azərbaycan ərazisindən Rusiyanın göndərdiyi təxminən 1000 ton buğda Ermənistana çatıb. Rusiya tərəfi elan edib ki, yaxın gələcəkdə eyni marşrutla Ermənistana daha 132 vaqon buğdanın ixracı planlaşdırılır.