İŞİD rusdilli telekanal açdı
İyul 15, 2015 18:48 Asia/Baku
İŞİD terrorçuları postsovet məkanının rusdilli sakinləri üçün təbliğatı aktivləşdirərək, rus dilində telekanal açıb.
Səhər telekanalının verdiyi məlumata görə, bu haqda Guardian qəzeti yazır.
Qeyd olunur ki, son həftələrdə İŞİD-in rusdilli üzvləri bu qruplaşmanın sosial şəbəkələrdəki akkauntlarında yayımlanan Furat Media kanalında öz mesajlarını yayırlar.
Məhz Furat kanalında terrorçular Şimali Qafqazda nəzarətləri altında olan ərazinin yaradıldığını elan ediblər.
2015-ci ilin aprel ayının sonunda Rusiya xarici işlər naziri Serqey Lavrov İŞİD-i Rusiyanın əsas düşməni adlandırıb. Onun sözlərinə görə, terrorçuların tərəfində "yüzlərlə Rusiya vətəndaşı" vuruşur.
Daha öncə isə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Serqey Smirnov bildirıb ki, İŞİD başqa terror təşkilatlarına da təsir göstərməkdədir və "İmarat Qafqaz" qruplaşmasının çöl komandirləri artıq İŞİD-ə beyət etməyə başlayıblar.